Möcüzəli əllər

Zöhrə Fərəcova "Hürriyyət" 143(545) 1999-cü il

Zöhrə Fərəcova "Hürriyyət" 143(545) 1999-cü il

"Sənəti qədim olan xalqın musiqisi əbədidir"

Hazırladığı musisi alətlərinin şəkillərini görəndə herətlənmişdim. Xalqımızın tarixi qədimliyini, adət-ənənələrini, təbii sərvətlərini, əfsanələşən Qobustan yaşantılarını sədəflə naxış-naxış milli musiqi alətlərimizə köçürən Balaxanılı usta Balabəy Balabəyovla yaxından tanış olmağı qərara almışdım. Görüşümüz müxtəlif səbəblərdən bir neçə ay gecikdi.

Nəhayət bu günlərdə Balabəyə telefon edib Üzeyir Hacibəyov adına Musiqi Akademiyasında xalq artisti Ramiz Quliyevin müdiri olduğu xalq çalğı alətləri kafedrasında görüşmək üçün razılıq aldım.

Balabəy şərtləşdiyimiz vaxt gəlib çıxmadığı üçün söhbətə R.Quliyevlə başlamalı oldum. R. Quliyevin ilk sözləri bu oldu: "Balabəyin əlləri möcüzədir". Sonra isə tələbələrini yola salıb Balabəy haqqında məmnuniyyətlə danışdı.

"Sənəti qədim olan xalqın musiqisi əbədidir. Bu baxımdan xalqımızın bəxti gətirib. Neçə-neçə qədim sənətimizə ölməzlik gətirən sənətkarlarımızın fanatik sevgiləri nəticəsində bu sənət yaşayır. Lakin, onların özlərinə qayğı yoxdur. Sənətin əbədiliyini, gözəlliyini yaşadan sənətkarları yaşatmaq lazımdır. Balabəyin özü bir xalqın öyünüləsi sənətkarlarındandır. Ona şərait yaradılsa, nəyə qadir olduğu görünər. Balabəyin qabiliyyəti Allah vergisidir. Elə bil onun hər barmağı ayrı-ayrılıqda bir sənət möcüzəsi yaradır.

Qədim musiqi alətlərimizi elə dəqiqliklə, zövqlə işləyir ki, onları çalmaq yox, elə baxmağa da bu xalqın hansı qüdrətə malik olduğunu təsəvvür etmək mümkündür. Çünki bu alətlər "dindirmədən" də danışa bilir. Sanki bu alətlər onları hazırlayan usta Balabəyin barmaqlari ilə "dərdləşib". İndi də munis sirri həm üzərindəki naxışla, həm də hər telində yaşadır. Heyif belə sənətkarlarımızdan, qiymətlərini almırlar."

Söhbətimizin bu yerində qapı açıldı. Balabəy narahatlığıma son qoyaraq göründü. Onun danışdıqlarını siz də eşidin:

"Sənətə uşaqlıqdan başlamışam"

"Atam da usta olub. O, təkcə musiqi aləti deyil, həm də mebel hazırlayardı. Demək olar ki, ilk müəllimim atamdır. Sonra isə, usta Fazil Hüseynovdan bu sənətin bir çox sirlərini öyrəndim. Sədəf işini isə özüm öyrənmişəm. Mənim bir az rəssamlığım da var axı. Mənə qədər də qədim musiqi alətlərinə sədəf vuran ustalar olub. İlk dəfə musiqi aləti üzərində sədəflə obrazlar yaratmaq işi isə mənimdir. Xalçalarımız üzərinə vurulan naxışlara baxın. Görün necə bədii təfəkkürlə obrazlı, canlı işlənib. Mən də musiqi alətləri üzərində bu cür dünya qurmaq istəyirəm".

"Yaratdığım musiqi alətlərini muzeylərimizdə görmək istəyirəm"

Bu gün hər kəs yüksək mədəni dəyərlər haqqında deyil, yalnız gündəlik çörəyi haqqında düşünür. Qədim ustadların sirlərindən qalan kiçik şeyləri belə itirsək, düşünməyə heç nə qalmayacaq...

İkincisi isə, sədəflə çalışmaq olduqca dəqiqlik, səbr və vaxt tələb edir. Bir alətin üzərində iki il işləyirəm. Lap elə alət hazırlansın, Azərbaycanda kimdir onu alan? Açıq danışaq, hansı musiqiçi istəməz ki, belə bir musiqi aləti olsun? Sadəcə onu almağa imkanları yoxdur.

Sədəflə işlədiyim tarı satmaq üçün bütün muzeylərimizə baş çəkdim. Çünki istərdim ki, o alət başqa ölkələrin muzeyinə düşsün. Hətta dəfələrlə ucuz qiymətə satmağa belə razı idim. Muzeylərdə baxdılar, bəyəndilər. Qaytarıb özümə verib "almaq üçün imkanımız yoxdur" dedilər.

Hazırda ölkə başçısı Heydər Əliyev tərəfindən Mitterana bağışlanan o alət Fransanın Luvr muzeyində saxlanılır.

Bundan sonra fransızların həmin tardan çox xoşları gəldiyi üçün mənimlə maraqlanmışdılar. Fransanın Azərbaycandakı səfiri özü bizə gəldi. Yerim olmadığı üçün evdə çalışıram. Əslində orada çalışmaq çox çətindir. Fransa səfiri bu şəraitə baxıb təəccübləndi: "İnana bilmirəm ki, o cür alət bu şəraitdə hazırlanıb" dedi.

Respublikamızda isə mənimlə maraqlanan olmadı.

Sədəflə işlədiyim ikinci tarım isə ad günü münasibətilə onun adına verilən parkın açılışı zamanı ölkə başçısı H.Əliyevə bağışladım. Nə deyim, onsuz da bizim ölkədə sənətkarı ruhlandırmaq üçün ona qiymət verən yoxdur.

“O qədər planım var ki…”

"33 yaşım var. Sözün düzü son vaxtlar qorxmağa başlamışam. Fikirləşirəm ki, onları həyata keçirmək üçün deyəsən heç vaxt imkanım olmayacaq. Adicə sədəf almaq mənim üçün problemdir. Hələ ailəmi dolandırmaq qayğısı da var. O qədər planlarım var ki..

Əsasən şərq üslubunda işləyirəm. İstəyirəm ki, Nizaminin “Xəmsə”-ni bir tarın üzərində yaradım. Dədə Qorqud boylarındakı obrazları sazda, Füzulinin “Leyli və Məcnun”u kamançada yaratmaq istəyirəm. İmkanım olmasa da, necə olur olsun bunları yaradacağam."

Redaktorun qeydi: O, tar, kamança və saz üçlüyü yaradaraq öz arzusunu reallığa çevirib: tarda Nizaminin Xəmsəsini, kamançada Füzulinin Leyli və Məcnunu, sazda isə əfsanəvi Dədə Qorqud boylarını canlandırıb və mürəkkəb sədəflərlə bəzədib.

"Usta yaratdığı musiqi alətində çalmağı da bacarmalıdır."

Qətiyyətlə dediyi bu sözlərdən sonra susub bir qədər fikrə gedir. Deyəsən, arzuları ilə imkanı arasındakı uçurumun dərinliyini özü də görür. Ona görə də səsindəki qətiyyət birdən birə azalır.

Deyir: "İndi bir tar işləyirəm. Onu satmayacağam. Bəlkə heç bir də belə əsər yaratmadım.

Axı yaş ötdükcə gözlərin nuru da azalır. Əgər maddi imkansızlıq üzündən arzularımı həyata keçirə bilməsəm, onda bütün ümidim oğlum Həmidə qalıb. Yəni, Həmid böyüyənə qədər də bu ölkənin vəziyyəti düzəlməyəcək?"

© 2024 - Bütün hüquqlar qorunur.

Qızı Nərminə Balabəyli tərəfindən yaradılıb və idarə edilir

© 2024 - Bütün hüquqlar qorunur.

Qızı Nərminə Balabəyli tərəfindən yaradılıb və idarə edilir